REGİONLAR
Maarifləndirici tur-aksiyada Göygöl məktəbliləri də iştirak edir
Göygöl, 15 mart, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaya Göygöl məktəbliləri də qoşulublar. Məktəblilər martın 15-dən 18-dək Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olacaqlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə rayonun Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçılarının yola salınması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova qeyd edib ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən budəfəki maarifləndirici tur-aksiyada Göygöl məktəbliləri də iştirak edir. Məktəblilər Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə səfər çərçivəsində bu bölgənin adət-ənənələri, sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanış olacaqlar.
Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev şagirdlərə tur-aksiya zamanı yeni biliklər öyrənmələrini və dostlar qazanmalarını tövsiyə edib.
Ulu öndər Heydər Əliyevin mərkəzdə ucaldılmış abidəsi qarşısına gül-çiçək dəstələri düzən tur-aksiya iştirakçıları Qəbələyə yola düşüblər.