REGİONLAR
Maarifləndirici tur-aksiyalar yeniyetmələrin ölkəmizin tarixini daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət daşıyır
Ağdaş, 15 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 15-də Ağdaşın ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət 40 nəfərlik qrup Lənkəran şəhərinə yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında yolasalma mərasimi keçirilib. Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aynur Novruzova, eləcə də digər çıxış edənlər Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların ölkəmizi, onun tarixini, mədəniyyətini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyətindən danışıb, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar. Daha sonra tur-aksiya iştirakçıları Masallı-Lənkəran-Astara marşrutu üzrə yola düşüblər.