CƏMİYYƏT


Maarifləndirici tur-aksiyaların iştirakçıları arasında Pirallahıdan olan məktəblilər də var

Bakı, 11 noyabr, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar çərçivəsində noyabrın 11-də Pirallahı rayonunun ümumtəhsil məktəblərinin təhsildə və ictimai işlərdə fərqlənən 40 şagirdinin yola salınması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov mərasimdə çıxış edərək bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verdiyini söyləyib. Bildirilib ki, layihənin məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Qeyd edilib ki, “Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Pirallahı rayon məktəbliləri bu dəfə qədim Nizami yurduna səfər edəcəklər. Onlar Gəncənin yeni xəritəsində öz əksini tapan müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları, sosial-iqtisadi və mədəni həyatı ilə tanış olacaqlar. Tur-aksiyanın iştirakçıları şəhərin tarixi məkanlarına – Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsinə ekskursiya edəcəklər.

Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın onlara göstərdikləri diqqət və qayğıdan məmnun olduqlarını bildirib və gənc nəsil üçün yaradılan şəraitdən söz açıblar.

Tur-aksiya çərçivəsində Pirallahı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Gəncə şəhəri ilə tanışlıqdan sonra Şəmkir və Göygöl rayonlarının səfalı guşələri, tarixi yerləri ilə tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.