DÜNYA
Macarıstan Avropa İttifaqının “vergi limanı” olmaq niyyətindədir
Bakı, 8 dekabr, AZƏRTAC
Macarıstan hökuməti Avropa İttifaqının (Aİ) “vergi limanı” olmaq məqsədilə birbaşa xarici investisiyaların axınını gücləndirməyi planlaşdırır.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, ölkədə yeni vergi dərəcəsi hətta hazırda Aİ-nin ən cəlbedici “vergi limanı” olan İrlandiyadan (12,5 faiz) da aşağı olacaq. Analitiklər bu fikirdədirlər ki, hökumətin belə bir addım atması kütləvi şəkildə başqa ölkələrə də yayıla bilər.
Hazırda Macarıstanda illik gəliri 1,74 milyon dollardan aşağı olan hüquqi şəxslərdən vergi 10 faiz, bu həddən yuxarı olanlardan isə 19 faiz dərəcə ilə tutulur. Hökumətin vədinə görə, gələn ildən şirkətlər vergini vahid dərəcə üzrə ödəyəcəklər. İqtisadçıların qiymətləndirməsinə görə, bu dəyişiklikdən illik gəliri 2 milyon avrodan artıq olan orta şirkətlər qabağa düşəcəklər. İri xarici şirkətlər, xüsusilə də Almaniya avtokonsernləri artıq Macarıstandakı sanballı vergi güzəştlərindən və subsidiyalardan istifadə edirlər.
Hökumət əməkdaşların təhsilinə sərmayə qoyan, eləcə də elmi-tədqiqat və təcrübə-konstruktor işləri ilə məşğul olan şirkətlərə verdiyi güzəştləri artırmaqla yanaşı, fiziki şəxslərin gəlirindən hazırda 15 faizlə tutulan vergini, habelə əməkhaqqı fonduna qoyulmuş verginin dərəcəsini azaltmaq niyyətindədir.
Ümumdünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik reytinqində Macarıstan 2015-2016-cı illər üzrə 63-cü yerdə olub və Polşa, Çexiya, Rumıniya kimi ölkələrdən geridədir. Gözlənildiyinə görə, Macarıstanda ÜDM 2017-ci ildə 2,6 faiz artacaq ki, bu göstəricilər də Avropa İttifaqındakı orta artımı üstələyir.