ELM VƏ TƏHSİL


Macarıstan Elmlər Akademiyası millətin fəxridir - Dünyanın elm təcrübəsindən

Budapeşt, 28 fevral, AZƏRTAC

Noyabrın 3-də Macarıstanda Elm günü qeyd edilir. 1825-ci ilin həmin günündə bu ölkənin ali elmi müəssisəsi - Macarıstan Elmlər Akademiyası yaradılıb.

AZƏRTAC xəbər verir ki, həmin tarixdən bir qədər əvvəl Macarıstanın böyük vətənpərvər oğlu, ictimai xadim qraf İştvan Seçenyi parlamentdə çıxış edərək macar dilinin inkişaf etdirilməsi, elmləri və sənədlərin öyrənilməsi və yayılması məqsədilə “Elmi cəmiyyət” yaradılmasını təklif edib. Qraf Seçenyi onun irəli sürdüyü təşəbbüslə bağlı fonda özünün geniş malikanələrindən əldə edilən illik gəlir məbləğində ianə vermək niyyətində olduğunu elan edib. Qraf Seçenyinin digər məsləkdaşları – xeyriyyəçilər Abraaham Vay, Dyörd Andraşi və Dyörd Koroyi də onun bu alicənab hərəkətindən nümunə götürüblər. Daha 11 yazıçı və alim həmin təşkilatın nizamnaməsini hazırlamağa başlayıb, altı ildən sonra İmperator I Frans həmin sənədi təsdiq edib.

O vaxtdan bu böyük macarların adları Macarıstan Milli Elmlər Akademiyasının tarixinə qızıl hərflərlə yazılıb.

1831-ci ildə macar alimlərinin birinci qurultayı – “Elmi cəmiyyətin baş assambleyası” keçirilib. Assambleya tarixçi qraf Jozef Telekini elmlər akademiyasının ilk prezidenti vəzifəsinə seçib.

İki yüz ilə yaxın müddətdə Macarıstan Elmlər Akademiyası şanlı yol keçib, sanballı kəşf və nailiyyətlərə imza atıb. Bu gün akademiya Budapeştin mərkəzində, Dunay çayının sahilində yerləşir. Akademiyanın binası memar Fridrix Avqust Ştyülerin layihəsi əsasında Neorenessans üslubunda tikilib.

1994-cü ildə akademiya haqqında qanun qəbul edilib. Həmin qanunda elmi cəmiyyətin indiki statusu – özünüidarə prinsipləri əsasında işləyən alimlərin ictimai təşkilatı statusu təsbit olunub.

Hazırda 35 mindən çox tədqiqatçını birləşdirən Macarıstan elmi cəmiyyətinin vəzifəsi ölkədə təbiət elmlərini və ictimai elmləri inkişaf etdirmək və əlaqələndirməkdir. Bu halda əsas diqqət elmi tədqiqatlara, elmi nailiyyətlərin populyalaşdırılmasına, araşdırmaların dəstəklənməsinə və təbliğinə yönəldilib. Macarıstan Elmlər Akademiyası dövlət büdcəsindən maliyyələşdirilir. Bundan əlavə, akademiya öz aktivləri hesabına müəyyən qədər gəlir əldə edir. Könüllü ianələr də az olmur.

Macarıstan Elmlər Akademiyasının 11 bölməsi var: linqvistika və ədəbi tədqiqatlar bölməsi, fəlsəfə və tarix elmləri, riyazi elmlər, kənd təsərrüfatı elmləri, tibb elmləri, texniki elmlər, kimya elmləri, biologiya elmləri, iqtisadiyyat və hüquq, Yer haqqında elmlər və fiziki elmlər bölmələri. Akademiyanın Doktorlar Şurası keçmiş SSRİ ölkələrindəki Elmi Şuranın analoqudur. Doktorlar Şurası “elmlər doktoru” alimlik dərəcəsi verir.

Yaradılmasından 200 ilə yaxın vaxt keçmiş Macarıstan Elmlər Akademiyası şanlı yol keçib, macar alimlərinin adları dünya elm korifeylərinin siyahısına daxil edilib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.