İQTİSADİYYAT
Macarıstan Gürcüstan və Rumıniyadan keçməklə Azərbaycandan elektrik enerjisi almaq istəyir
Tbilisi, 27 oktyabr, AZƏRTAC
Macarıstan Gürcüstan və Rumıniyadan keçməklə Azərbaycandan elektrik enerjisi almaq istəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşdən sonra bəyan edib.
V.Orbanın sözlərinə görə, Macarıstan bu yolla elektrik enerjisi istehsalı üçün sərf etdiyi təbii qaza xeyli qənaət edə bilər.
“Biz böyük elektrik xətləri vasitəsi ilə Gürcüstandan və Rumıniyadan keçməklə Azərbaycandan elektrik enerjisi almaq kimi yeni layihənin reallaşmasını istəyirik. Bu yolla biz elektrik enerjisi istehsalı üçün sərf etdiyimiz təbii qaza xeyli qənaət edə bilərik. Əgər gələn il biz Azərbaycandan birbaşa elektrik enerjisi ala bilsək, təbii qaz almağa ehtiyac qalmayacaq”, – deyə V.Orban vurğulayıb.
O, Macarıstan üçün mühüm əhəmiyyət kəsb edən bu ideyanı dəstəklədiyinə görə, Gürcüstan Baş naziri İrakli Qaribaşviliyə təşəkkür edib.
O, 2023-cü ildə Macarıstan-Gürcüstan hökumətlərarası görüşü təşkil etmək niyyətindədir.
Qeyd edək ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili Macarıstanda rəsmi səfərdədir.
Səfər çərçivəsində Macarıstan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi