Macarıstan Misirdən təbii qaz tədarükü ilə bağlı danışıqlar aparıb
AzerTAg.az
Qahirə, 23 fevral, AZƏRTAC
Misirdə səfərdə olan Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyatronun misirli həmkarı Sami Şükrü ilə danışıqlarının əsas mövzusu təbii qaz tədarükü olub.
AZƏRTAC xəbər verir ki, nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında Macarıstan hökumətinin Yunanıstan-Bolqarıstan qaz kəməri vasitəsilə Misir qazını idxal etmək istədiyi bildirilib. P.Siyatro qeyd edib ki, Sinay yarımadasının şimalından onun ölkəsinə qaz tədarükü olduqca sərfəlidir. Bundan başqa, macar şirkətləri Sinayda böyük su-nasos stansiyalarının tikintisində və dəmir yolu xəttinin rekonstruksiyasında da iştirak edəcək. Artıq Qahirəyə 259 vaqon göndərildiyi diqqətə çatdırılıb.
Səfər çərçivəsində Misir və Macarıstan arasında əməkdaşlığa dair memorandum və kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üzrə niyyət protokolu imzalanıb. Macar nazir qeyd edib ki, Avropa İttifaqı qeyri-leqal miqrasiyanın qarşısının alınmasında Misirin səylərini yüksək qiymətləndirir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin mətnində orfoqrafik səhv var