DÜNYA
Macarıstan Müdafiə Şurası işə başlayıb
Budapeşt, 4 avqust, AZƏRTAC
Yaxın vaxtlarda yaradılmış Macarıstan Müdafiə Şurası ölkənin paytaxtında özünün ilk iclasını keçirib.
AZƏRTAC xəbər verir ki, iclasda Baş nazir Viktor Orban sədrlik edib.
Müdafiə Şurası Nazirlər Kabineti çərçivəsində xüsusi olaraq milli təhlükəsizlik məsələlərinin həlli üçün yaradılmış ayrıca hökumət orqanıdır. Şuraya Baş nazir rəhbərlik edir, onun tərkibinə isə müdafiə naziri, daxili işlər naziri, xarici işlər naziri və Baş nazir kabinetinin rəhbəri daxildir.
Hökumət başçısının mətbuat xidmətindən verilən məlumata görə, Ukraynada yaranmış vəziyyət, Avropada iqtisadi böhran və miqrantlar axınının artması səbəbindən Macarıstan yaxın illərdə öz təhlükəsizliyinin və suverenliyinin müdafiəsinə diqqəti artırmağa məcbur olacaq.
Müdafiə Şurası bundan sonra “zərurət yarandıqda”, lakin iki həftədə bir dəfədən gec olmayaraq iclaslara toplaşacaq. Bu halda Şuranın üzvlərindən hər hansı biri növbədənkənar iclaslar çağıra bilər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt