Macarıstan XİN-in başçısı türkdilli ölkələrlə əmtəə dövriyyəsinin genişlənməsindən məmnun qaldığını bildirib
AzerTAg.az
Budapeşt, 15 oktyabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzvü olan dövlətlərlə Macarıstan arasında əmtəə dövriyyəsi son 10 ildə iki dəfə artaraq 4 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto Bakıda Türk Şurasının VII Sammiti çərçivəsində həmin ölkələrin xarici işlər nazirlərinin görüşündə söyləyib.
AZƏRTAC-ın xüsusi müxbirinin bu barədə informasiyası “Daily News Hungary” nəşrində dərc edilib.
(bax: https://dailynewshungary.com/foreign-minister-meets-turkic-council-foreign-ministers-in-baku/). Məlumatda deyilir ki, nazirin sözlərinə görə, Macarıstan onun ölkəsi ilə Türk Şurasının üzvləri – Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında korporativ əməkdaşlığın maliyyələşdirilməsi üçün “Eximbank”la 577 milyon avroluq kredit xətti açıb. Siyyarto əlavə edib ki, Macarıstan şirkətləri regionun əczaçılıq, su təsərrüfatı, logistika və inşaat sektorlarında özləri üçün yeni imkanlar açacaqlar. Regionla əlaqələr Şuranın üzvü olan ölkələrdən 705 tələbənin Macarıstanın ali məktəblərində onun dövlət təqaüdü ilə təhsil alması ilə əlaqədar da güclənir.
Məlumatda bildirilir ki, nazir biznes-forumda iştirak edib, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Özbəkistanın Xarici İşləri naziri Əbdüləziz Kamilov və Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi ilə ikitərəfli danışıqlar aparıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Xəbərin mətnində orfoqrafik səhv var