ELM VƏ TƏHSİL
Macarıstan alimləri Lənkəran Regional Elmi Mərkəzi ilə birgə tədqiqat aparmaq barədə razılığa gəliblər
Bakı, 27 oktyabr, AZƏRTAC
Macarıstan Beynəlxalq Dendroloji Fondunun alimləri Lənkəran Regional Elmi Mərkəzində (LREM) olublar.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, mərkəzin direktoru professor Fərman Quliyev Macarıstan Beynəlxalq Dendroloji Fondunun təsisçisi və tədqiqat rəhbəri Debreczy Zsolt və fondun nümayəndəsi İstvan Raczla görüşüb. Fərman Quliyev qonaqlara Lənkəran Regional Elmi Mərkəzində aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat verib.
Sonra macarıstanlı alimlər mərkəzin təcrübə sahəsinə baş çəkib, burada becərilən çay və sitrus bitkiləri ilə yaxından tanış olublar. Fərman Quliyev qonaqlara yeni çay sortlarının yaradılması sahəsində əldə olunan nailiyyətlər, həmçinin burada tədqiqat obyekti olan sitrus bitkiləri, limon, naringi, quayava, endemik və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekzotik bitkilər barədə ətraflı məlumat verib. Yeni çay sortu “Fərmançay” bitkisinin yarpaqlarından laboratoriya şəraitində emal edilən qara çayı qonaqlar dequstasiya edərək yüksək qiymətləndiriblər. Görüşdən məmnun qalan macarıstanlı alimlər Lənkəran Regional Elmi Mərkəzi ilə müştərək tədqiqat işləri aparmaq barədə razılığa gəliblər.