DÜNYA
Macarıstan dəmir yolu tikintisində Azərbaycandan geri qalmamaq qərarına gəlib
Budapeşt, 25 yanvar, AZƏRTAC
Macarıstan bu il yeni dəmir yollarının tikintisində sürət və miqyasına görə Azərbaycandan geri qalmamaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu ölkədə misli görünməmiş yeni dəmir yollarının çəkilməsinə ilin sonunadək ümumilikdə təqribən 2 milyard avro həcmində investisiya qoymaq planlaşdırılır. Bu barədə MTV1 kanalındakı çıxışında Macarıstanın İnnovasiya və Texnologiyalar Nazirliyinin nümayəndəsi Lorand Sabo bildirib.
Nazirliyin ölkənin bir sıra xəbər saytlarında dərc edilən məlumatında bildirilir ki, Avropa İttifaqının yeni maliyyə ilində dəmir yolu tikintisinin birgə maliyyələşdirlməsinə Macarıstan ümumilikdə təqribən 7 milyard avro xərcləyə bilər. Buraya təqribən 20 iri dəmir yolu layihəsi daxildir.
Macarıstan KİV-ləri bu xəbəri şərh edərkən, Avropanın bir sıra ölkələrində irimiqyaslı dəmir yolu layihələri barədə yazırlar. Bu ölkələr arasında Azərbaycanın da adı çəkilir.
Qeyd edək ki, 2020-ci ildə Vətən müharibəsi nəticəsində şanlı Qələbə sayəsində Azərbaycanın erməni işğalından azad olunan ərazilərində möhtəşəm tikinti aparılacaq.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt