DÜNYA


Macarıstan gələcək nəsli təmiz hava ilə təmin etmək barədə düşünür

Budapeşt, 13 yanvar, AZƏRTAC

Macarıstan ərazisində elektromobillər üçün enerjidoldurma stansiyalarının sayı artır. Elektromobillərin qiymətləri əvvəlki kimi yüksəkdir, amma yaxın gələcəkdə onların ucuzlaşacağı gözlənilir. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat iqtisadi yönümlü “Világgazdaság” qəzetinin hesabatında yer alıb.

Macarıstan İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan, elektromobillərin və yardımçı infrastrukturun satın alınması üçün dövlət subsidiyalarını əlaqələndirən tam dövlət şirkəti olan “e-Mobi Elektromobilitas Nonprofit Kft.” şirkətinin məlumatına görə, gələn ilin mayında Macarıstanda elektromobillər üçün təqribən 300 əlavə enerjidoldurma stansiyası işləməyə başlayacaq.

Yeni stansiyalar dörd mərhələdə yaradılacaq: onların 50-si Macarıstanın 50 ən iri şəhərində, 40-ı turistlərin daha çox getdiyi rayonlarda, o cümlədən Balaton gölü və şərabçılığın inkişaf etdiyi Tokay regionunda; 40-ı mərkəzi və yerli hökumət idarələrinin yaxınlığında; 20-si avtomobil yollarının yaxınlığında açılacaq. Stansiyalardan hər birində eyni zamanda bir neçə avtomobili enerji ilə doldurmaq mümkün olacaq.

Stansiyaların tikintisi üçün müsabiqə artıq başa çatıb. “Elektromotive Hungaria” konsorsiumu və Fransanın DBT şirkəti avtomobil yollarının yaxınlığında quraşdırmaq üçün 50 kilovat gücündə enerjidoldurma stansiyaları,”T-Systems Europe” daha aşağı gərginlikli enerjidoldurma stansiyaları istehsal edəcək.

Hazırda Macarıstanda 170 ictimai enerjidoldurma stansiyası işləyir. Onların hamısı pulsuzdur.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.