DÜNYA
Macarıstan krandan gələn suyun keyfiyyəti ilə fəxr edə bilər
Budapeşt, 24 iyun, AZƏRTAC
Macarıstanda suyu birbaşa krandan içmək olar. Krandan gələn içməli su əla keyfiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın baş həkimi Sisili Müller söyləyib.
Bu günlərdə Budapeştdə krandan gələn suyu içməyi təbliğ edən kampaniya keçirilir. Kampaniya çərçivəsində vətəndaşları inandırırlar ki, Macarıstanda içməli suyun keyfiyyəti əladır, çünki suyun keyfiyyətinə daim nəzarət edilir.
İctimai su təchizatını təmin edən dövlət tədarükçüləri və Milli İctimai Səhiyyə Mərkəzi içməli suyun keyfiyyətini müntəzəm yoxlayır və hər il on minlərlə nümunə üzərində 900 minə yaxın test keçirirlər. Laboratoriya testlərinin nəticələri təsdiq edir ki, krandan axan su yüksək keyfiyyətli, sağlamdır. İçməli suyun tərkibində mikroplastiklər və hormonlar olub-olmaması da yoxlanılır. Nəticələr göstərir ki, bu maddələri yalnız səth sularında izləmək olar, çünki sahillərdəki quyulardan çıxarılan su süzgəcdən keçirilir və onu çirkləndirən maddələr ayrılır.