SİYASƏT
Macarıstan nəşri Azərbaycan silahlı qüvvələrinin hərbi zəfərindən yazıb
Budapeşt, 11 noyabr, AZƏRTAC
Macarıstanın “Magyar Nemzet” nəşrində şanlı Azərbaycan ordusunun Qarabağda döyüş əməliyyatları zonasında son uğurları barədə material dərc edilib.
AZƏRTAC xəbər verir ki, hərbi əməliyyatların dayandırılması barədə Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli bəyanatının imzalanması dövründə vəziyyəti əks etdirən “Dağlıq Qarabağın azad edilməsinə sayılı günlər qalıb” sərlövhəli məqalə “indi bütün strateji mövqelər Azərbaycanın operativ nəzarəti altındadır” sözləri ilə başlayır.
Müəlliflər Qarabağın tarixi paytaxtı Şuşa şəhərinin – Şuşa qalasının qəhrəmancasına azad edilməsindən sonra bu qənaətə gəliblər. Nəşr bu hadisəni “Dağlıq Qarabağ münaqişəsində dönüş anı” adlandırır.
Portal, bu xəbərin Prezident İlham Əliyev tərəfindən televiziya efirində elan olunması barədə də yazıb.
Müəlliflərin fikrincə, mahiyyət etibarilə bütün bunlar onu deməyə əsas verir ki, həmin gün Azərbaycan Qarabağ cəbhəsində strateji əhəmiyyətli bütün mövqeləri tutub və erməni ordusunun bundan sonrakı müqaviməti mənasız olub.
Şuşa şəhəri bir neçə cəhətdən mühüm hesab edilir, bunlardan ən başlıcası şəhərin rəmziliyi idi. 1992-ci ildə şəhərin işğalından sonra bütün azərbaycanlı əhali oradan qovulub. Bakı üçün Şuşanın qaytarılması münaqişənin lap əvvəlindən prinsipial məsələ idi və indi bu məsələ həll edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt