DÜNYA
Macarıstan və Rumıniyaya qarşı Aİ tərəfindən maliyyə sanksiyası tətbiq edilə bilər
Budapeşt, 21 yanvar, AZƏRTAC
“Azadlıq” radiosunun verdiyi məlumata görə, Avropa İttifaqının üzvü olan bəzi ölkələrin hökumətləri məhkəmələrin işlərinə müdaxilə və korrupsiyaçılara himayədarlıqla məşğul olur, inkişaf üçün ayrılmış maliyyə vəsaitlərindən başqa məqsədlər üçün istifadə edir, jurnalistlərin işinə maneçilik törədirlər. AZƏRTAC “Azadlıq” radiosuna istinadla xəbər verir ki, Avropa Parlamenti belə ölkələr üçün Avropa İttifaqının ümumi büdcəsindən pul ayrılmaması təklifinə səs verib.
Xatırladaq ki, bir neçə ay bundan əvvəl Avropa Parlamenti, müvafiq qətnamədə deyildiyi kimi, “demokratik prinsiplərin pozulduğu” Macarıstana qarşı intizam tədbirləri görülməsi təklifini bəyənmişdi. Avropalıları məyus edən, o cümlədən, Budapeştin miqrantları qəbul etməkdən boyun qaçırmaq haqda qərarı idi.
Macarıstan parlamentinin hakim partiyadan olan deputatı Tamaş Doyç deyib: “Avropa İttifaqı iddia edir ki, onun vəzifəsi istənilən halda hüququn aliliyini qorumaqdır. Lakin üzv ölkələrdən birini ona çatmalı olan maliyyə vəsaitindən məhrum etməklə Aİ özü hüququn aliliyi prinsipini pozur. Avropa Parlamenti üzv dövlətlərin hüquqlarının təmin olunmasını tələb edir, Avropa Komissiyası isə bu tələbə məhəl qoymayıb”.
Korrupsiyaya görə məhkum edilmiş məmurlar barəsində amnistiya aktı hazırlanan Rumıniya da Aİ fondlarından ona çatası pullardan məhrum olmağa risk edir. Avropa Parlamentinin bu təşəbbüsünün reallaşması üçün milli hökumətlər onu təsdiq etməlidirlər, onlar isə Avropa İttifaqının davranışına nəzarət etməyə tələsmirlər.