CƏMİYYƏT
Macarıstanda Azərbaycan gənclərinin yerli cəmiyyətə inteqrasiyası ilə bağlı konfrans keçirilib
Budapeşt, 5 iyun, AZƏRTAC
Macarıstan-Azərbaycan Gənclər Birliyi tərəfindən “Azərbaycan gənclərinin Macarıstan cəmiyyətinə, dövlət qurumlarına və özəl strukturlara, eləcə də siyasi dairələrə inteqrasiyası” mövzusunda konfrans təşkil edilib.
Konfransda Macarıstanın aidiyyəti dövlət qurumlarının, bu ölkədə akkreditə olunmuş beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyətin, KİV-in nümayəndələri, Azərbaycan diasporunun üzvləri və ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Konfransda çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu kimi tədbirlərin Macarıstanda yaşayan azərbaycanlı gənclərin yerli cəmiyyətə inteqrasiyası, onların təşkilatlanması, o cümlədən Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin maraqlarının müdafiəsi istiqamətində səmərəli olacağını qeyd edib.
Sonra Macarıstan-Azərbaycan Gənclər Birliyinin sədri İbrahim Səfərli çıxış edərək təşkilatın fəaliyyəti və gələcək planları barədə danışıb.
Konfransda, həmçinin Macarıstanın miqrasiya və vergi xidmətlərinin rəsmiləri, habelə ekspertlər çıxış edərək Azərbaycan gənclərinin yerli cəmiyyətə, dövlət qurumlarına və özəl strukturlara, eləcə də siyasi dairələrə daha asan inteqrasiyası ilə bağlı məsələlərdən, qarşıya çıxa biləcək problemlərin həlli yollarından bəhs ediblər. Həmçinin tədbirdə iştirak edən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa Regional Ofisinin direktor müavini Elxan Rəhimov təqdimatla çıxış edərək, təmsil etdiyi təşkilatın fəaliyyət barədə danışıb və azərbaycanlı gənclərin beynəlxalq qurumlarda çalışmalarının vacibliyinə diqqət çəkib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt