DÜNYA
Macarıstanda “Mərkəzi Avropa Müdafiə Əməkdaşlığı” təşkilatının hərbi və polis təlimləri keçirilir
Budapeşt, 21 oktyabr, AZƏRTAC
“Mərkəzi Avropa Müdafiə Əməkdaşlığı” (CEDC) təşkilatının iştirakçısı olan dövlətlərin hərbi təlimləri Macarıstanda keçiriləcək. Budəfəki təlimlərin məqsədi ehtimal edilən miqrasiya böhranı dövründə operativ və təsirli tədbirlərin məşq edilməsidir.
AZƏRTAC xəbər verir ki, Macarıstanın Müdafiə naziri Tibor Benko bu gün jurnalistlərlə görüşüb. Nazir bildirib ki, qeyri-leqal miqrasiya bütün Avropa üçün təhlükə kimi qalmaqda davam edir. Onun sözlərinə görə, Avropada çoxları bu fikirlə razıdır. Bunu belə bir fakt da təsdiq edir ki, CEDC üzvü olan bütün dövlətlər “Birgə təhlükəsizlik – 2019” adlı təlimlərdə iştirak edirlər.
Məlumat üçün qeyd edək ki, təlimlərdə CEDC üzvü olan bütün dövlətlərin – Macarıstan, Avstriya, Çexiya, Slovakiya, Sloveniya və Xorvatiyanın, habelə bu təşkilatda müşahidəçi dövləti olan Polşanın 500-ə yaxın hərbçisi və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edirlər.
Bosniya və Herseqovina, Yunanıstan, Şimali Makedoniya, Monteneqro, Rumıniya və Serbiyanın nümayəndə heyətləri təlimlərdə müşahidəçi qismində iştirak edirlər.
Benko deyib: “Qeyri-leqal miqrasiyaya münasibətdə Macarıstan hökumətinin mövqeyi dəyişməz qalır. İnsanları öz doğma yurdlarını tərk etməyə vadar edən problemlər həmin adamların üz tutduğu məkanda deyil, yerində, yəni bu problemlərin yarandığı ərazidə həll edilməlidir”.
Nazir qeyd edib ki, insanların doğma yurdlarını tərk etmələrinə əsas olmaması üçün hər il təqribən 2000 macar əsgər beynəlxalq sülhyaratma missiyalarında iştirak edir. Nazir Macarıstan hökuməti tərəfindən seçilmiş ölkənin milli xarakterinin qorunub saxlanması kursunu nəzərdə tutaraq deyib: “Bizim vəzifəmiz əcdadlarımız tərəfindən yaradılmış dəyərləri, adət-ənənələri və mədəniyyəti qoruyub saxlamaqdır”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt