CƏMİYYƏT
Macarıstanda koronavirusa yoluxanların real sayı 20 dəfə çox ola bilər
Budapeşt, 8 sentyabr, AZƏRTAC
Macarıstan epidemioloqları xəbərdarlıq edirlər ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin sayı reallıqda qeydə alınmış xəstələrin sayından 20 dəfə çox ola bilər.
AZƏRTAC xəbər verir ki, Macarıstanda son iki həftə ərzində koronavirusa yeni yoluxanların sayında sürətli artım müşahidə olunur. Təkcə ötən sutkada 576 yeni yoluxma faktı təsdiqlənib. İlk dəfə olaraq ölkədə yoluxanların sayı bu xəstəlikdən sağalanların sayını üstələyib. Həmçinin yoluxma silsiləsi də artıb. Güman edilir ki, indi hər yoluxan virusu orta hesabla iki nəfərə ötürür. Beləliklə, virusun dövr etməsi yazdakına nisbətən 10 dəfə sürətlə baş verir.
İndiki dalğanın fərqli xüsusiyyəti ondadır ki, hazırda bu xəstəliyə tutulanların çoxu 20 yaşından 40 yaşadək olan insanlardır.
Həkimlər xəbərdarlıq edirlər ki, təkcə xəstəliyin əlamətlərini hiss edənləri deyil, hətta özündə xəstəliyin əlamətlərini hiss etməyənləri də testdən keçirmək lazımdır. Lakin testdən keçmə qiymətinin yuxarı olması buna maneçilik törədir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt