DÜNYA
Macarıstanda məşhur ticarət şəbəkəsinin internet versiyası açılıb
Budapeşt, 15 may, AZƏRTAC
“Spar” pərakəndə satış şəbəkəsinin öz mağazasının internet versiyasını dövriyyəyə buraxması nəticəsində təxminən 100 yeni iş yeri yaradılıb.
İndi onlayn alış-verişi istənilən platforma – kompüter, smartfon və ya planşet vasitəsilə həyata keçirmək olar. Elektron ticarətin artması internet mağazanın tətbiqini tələb edirdi.
AZƏRTAC xəbər verir ki, malların evlərə çatdırılması üzrə xidmətlər təkcə paytaxtda deyil, ölkənin 49 şəhərində icra ediləcək. Ticarət şəbəkəsinin rəhbərliyi bu yeniliyin dövriyyəyə buraxılması qərarını bazarda güclü rəqabətin olması ilə izah edir.
Əgər müştəri 25 min forint (80 avro) dəyərində alış-veriş sifariş edərsə, o zaman çatdırılma pulsuz həyata keçir. Malların evlərə çatdırılmasından ötrü şirkət 20 ədəd “Peugeot Boxer” markalı yük avtomobilini qırmızı rəngə boyayıb. Dondurulmuş məhsulların müştərilərə çatdırılanadək saxlanılması üçün bu avtomobillərdə xüsusi yerlər quraşdırılıb.
Bununla yanaşı, internet mağazada real hipermarketin bütün məhsulları mövcuddur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt