Macarıstanda təqaüd proqramına sənəd qəbulu ilə bağlı onlayn vebinar keçiriləcək
AzerTAg.az
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 4-də 2021-2022-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Macarıstanda təqaüd proqramına sənəd qəbulu ilə bağlı onlayn vebinar keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vebinarda Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları və Macarıstanın Azərbaycandakı səfirliyinin səlahiyyətli nümayəndəsi iştirak edəcək.
Vebinar Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
Xatırladaq ki, təqaüd proqramı Macarıstan İnsan Resursları Nazirliyi ilə 2017-ci il dekabrın 7-də imzalanmış “2018-2020-ci illər üzrə iş proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 nəfər Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.
Təqaüd proqramına sənəd qəbulu 2021-ci il yanvarın15-i saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Xəbərin mətnində orfoqrafik səhv var