DÜNYA
Macarıstanda vaksinlərə inam getdikcə artır
Budapeşt, 30 aprel, AZƏRTAC
Macarların azı 60 faizi COVID-19 əleyhinə peyvənd etməyi qəti şəkildə planlaşdırır, yaxud da artıq peyvəndin birinci dozasını vurdurub.
AZƏRTAC xəbər verir ki, Macarıstanın Mərkəzi Statistika İdarəsinin hər həftə apardığı sorğunun nəticələri belədir.
Aparılan son sorğu göstərib ki, macarların yalnız 16 faizi peyvəndlənməyə hazırlaşıb, eyni zamanda əhalinin 20 faizi bunu etməyi o qədər də arzulamır. Lakin peyvənd vurdurmaq istəyənlərin sayı hər sorğudan sonra artır. Görünür, Macarıstan cəmiyyətində yoluxma qorxusu və vaksinlərə inam getdikcə artır. Əhalinin vaksinlənməyə meyilliliyinin artım dinamikası gücləndirilmiş məlumat kampaniyası və vaksinlərin geniş tətbiqində irəliləyişlə bağlıdır.
Yaşı 65-dən 75-dək olan macarların 85 faizi peyvəndlənməyi planlaşdırır, yaxud koronavirus əleyhinə vaksinin birinci dozasını artıq qəbul edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt