SİYASƏT
Macarıstanda yaşayan azərbaycanlılar torpaqlarımızın azad olunmasında döyüşlərə hər an hazırdırlar
Budapeşt, 8 aprel, AZƏRTAC
Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginlik Macarıstanda yaşayan Azərbaycan diasporunun diqqət mərkəzindədir.
Vətənə, ordumuza və döyüşlərdə qəhrəmanlığı ilə fərqlənən əsgərlərimizə dəstək olmaq məqsədilə Macarıstanda yaşayan diasporumuzun təmsilçiləri və burada təhsil alan tələbələrimiz paytaxt Budapeşt şəhərinin mərkəzində yerləşən Qəhrəmanlar Meydanında dəstək aksiyası keçiriblər. Tədbirdə, həmçinin yerli ictimaiyyətin, “Daha yaxşı Macarıstan uğrunda hərəkat” partiyasının təmsilçiləri, türk diasporunun nümayəndələri, “Macar-Turan” Cəmiyyətinin üzvləri və KİV nümayəndələri iştirak ediblər.
Aksiya zamanı Ermənistanın Azərbaycana qarşı yürütdüyü və iyirmi ildən çox davam edən təcavüzkar siyasətin ağır nəticələri barədə macar ictimaiyyətinin nümayəndələrinə və jurnalistlərə məlumat verilib. Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımi addımlar atdığı, Azərbaycan torpaqlarının hərbi işğalının münaqişənin həllinə xidmət etmədiyi və münaqişənin heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacağı diqqətə çatdırılıb.
Daha sonra tədbir iştirakçıları “Qarabağ bizimdir, bizim də olacaq”, “Vətən torpağı bölünməzdir”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Biz hər zaman səninləyik Azərbaycan”, “İşğal olunmuş torpaqlarımız azad olunsun” kimi şüarlar səsləndiriblər. Macarıstanda yaşayan Azərbaycan vətəndaşları Ali Baş Komandanın əmrinə, qeyri-vətəndaşlar isə torpaqlarımızın azad olunması uğrunda müharibədə könüllü olaraq qoşulmağa hər an hazır olduqlarını bildiriblər.
Tədbirin sonunda təmas xəttindəki gərginliklər zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi yad edilib, səfirliyin binasının önünə güllər qoyulub, şamlar yandırılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt