SİYASƏT
Macarıstandakı soydaşlarımız dünya birliyinə müraciət ünvanlayıblar
Bakı, 13 oktyabr, AZƏRTAC
Macarıstanda fəaliyyət göstərən Azərbaycan icması dünya ictimaiyyətinin diqqətini işğalçı Ermənistanın müstəqil Azərbaycan dövlətinə qarşı 27 illik işğalçılıq və təcavüzkar siyasətinə yönəldib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Macar-Azərbaycan Dostluq Birliyinin prezidenti Svetlana Abdullayeva, “Qardaşlıq” Macar-Azəri Birgə Dostluq Cəmiyyətinin rəhbəri David Əmirov və Macarıstan-Azərbaycan Gənclər Birliyinin sədri İbrahim Səfərlinin imzaları ilə dünya birliyinə və beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonu indiyədək işğalda saxlamasının yolverilməz hal və beynəlxalq hüquqa hörmətsizlik kimi qiymətləndirilib. Ermənistanın işğal olunmuş ərazilərdə 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə apardığı və hərbi cinayətlər törətdiyi, həmvətənlərimizin fundamental hüquqlarını, o cümlədən yaşamaq haqqını kobudcasına pozduğu diqqətə çatdırılıb.
Soydaşlarımız dünya birliyini və beynəlxalq təşkilatları Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması, beynəlxalq qanunlara uyğun davranması üçün Ermənistana təsir göstərməyə çağırıblar.