İQTİSADİYYAT
Macarıstanın “Rail Cargo Hungaria Zrt” şirkəti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub
Bakı, 19 oktyabr, AZƏRTAC
AZƏRTAC “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstanın “KTZ Express” SC və Macarıstanın “Rail Cargo Hungaria Zrt” şirkəti Asiya-Avropa-Asiya marşrutunu inkişaf etdirmək barədə razılığa gəlib.
Asiya-Avropa-Asiya istiqamətində beynəlxalq intermodal daşımaların inkişaf etdirilməsi haqqında saziş “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin törəmə şirkəti “KTZ Express” SC və Macarıstanın nəhəng “Rail Cargo Hungaria Zrt” nəqliyyat-ekspedisiya şirkəti tərəfindən Astanada imzalanıb.
Sənəd Qazaxıstan-Macarıstan biznes forumu çərçivəsində beşinci İşgüzar Şuranın iclasının nəticələrinə əsasən imzalanıb. Görüşdə Asiya və Avropa arasında beynəlxalq ticarətin inkişafı üçün yükdaşımaların əhəmiyyətini qeyd edən tərəflər Asiya-Avropa-Asiya istiqamətində intermodal daşımaların təşkilinə və onların gələcək inkişafına kömək etmək barədə razılığa gəliblər.
Saziş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çin-Avropa-Çin yükdaşımalarında multimodal servisin inkişafını və onun irəlilədilməsi üçün müştəri bazasının birgə yaradılmasını nəzərdə tutur.
Tərəflər yükdaşımalar üçün cəlbedici şərtlərin yaradılması barədə razılığa gəliblər.