SİYASƏT
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycanın Zəfər Günü qeyd edilib VİDEO
Budapeşt, 5 noyabr, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən Zəfər Günü münasibətilə tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini və üç idarə rəisinin, digər dövlət qurumlarının və diplomatik korpus nümayəndələrinin, bir sıra ölkələrin, o cümlədən Türkiyə, Pakistan, Moldova, Belarus, Qazaxıstan səfirlərinin, elmi-akademik dairələrin və mətbuat təmsilçilərinin də qatıldığı tədbirdə 100 nəfər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının və Macarıstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinin ildönümü münasibətilə təşkil olunan tədbirdə iştiraka görə qonaqlara minnətdarlığını bildirib. O, bir il öncə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına və mülki əhaliyə qarşı ağır silahlardan istifadə etməklə törədilmiş hərbi cinayətə cavab olaraq, Azərbaycan Ordusunun əks hücum əməliyyatına başladığını qeyd edib, xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında birləşərək 30 il erməni işğalı altında olan torpaqlarımızı azad etdiyini, bununla da, BMT Təhlükəsizlik Şurasının uzun illər boyu yerinə yetirilməyən qətnamələrini ölkəmizin öz gücü hesabına icra etdiyini vurğulayıb.
T.Tağızadə Azərbaycanın tarixi Qələbəsinin ölkəmizdə yaşayan müxtəlif etnik və dini mənsubiyyətə malik insanların birgə səyləri ilə əldə edildiyini və Ermənistanın təcavüzünə məruz qalanlar arasında digər dini və etnik qruplardan olan vətəndaşlarımızın olduğunu da xüsusi qeyd edib. O, işğaldan azad edilmiş Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının, Macarıstanın Vesprem şəhərinin isə Avropanın mədəniyyət paytaxtları elan edildiyini və qeyd olunan şəhərlər arasında əməkdaşlığın qurulması imkanlarının yarandığını söyləyib.
Səfir çıxışının sonunda Ermənistanın 44 günlük müharibədə məğlubiyyətdən düzgün nəticə çıxaracağına, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin toxunulmazlığı prinsiplərinə hörmət nümayiş etdirəcəyinə, bununla da, regionumuz və xalqlarımız üçün sülh və əmin-amanlığın təmin olunacağına ümidini ifadə edib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib.
O, Vətən müharibəsi dönəmində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsiplərinə nümayiş etdirilən davamlı dəstəyə görə dost dövlətlərə, o cümlədən Türkiyə, Pakistan və Macarıstana təşəkkür edib.
S.Seyidov müharibənin artıq bitdiyini, regionda sülhün və təhlükəsizliyin, dinamik iqtisadi inkişafın təmin edilməsi üçün geniş imkanlar açıldığını bildirib. O, azad edilmiş ərazilərimizdə aparılan irimiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib, bir ildən də az müddətdə Füzuli şəhərində beynəlxalq hava limanının istifadəyə verilməsini, habelə qısa müddətdə yüksəkkeyfiyyətli yol infrastrukturunun qurulmasını diqqətə çatdırıb, regionda kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin işə düşməsi ilə regional əməkdaşlığın daha da dərinləşməsinə imkan yaranacağını qeyd edib.
Komitə sədri ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda apardığı haqlı mübarizədə qalib gəlməsinin beynəlxalq hüququn və ədalətin təcəssümü olduğunu vurğulayıb. Qarabağ münaqişəsinin artıq sona çatdığını qeyd edən S.Seyidov regionda bundan sonra sülh və tərəqqinin bərqərar olacağına inamını ifadə edib.
Çıxışlardan sonra tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsinə həsr olunmuş qısa video nümayiş etdirilib.
Rəsmi açılışın ardından tədbir Zəfər Günü şərəfinə təşkil olunan ziyafətlə davam edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt