İDMAN
Macarıstanın və İsveçrənin qadın həndbolçuları “EYOF 2019”un ikinci günündə də qələbə qazanıblar
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının həndbol yarışlarının ikinci günündə qadın idmançılarımız ikinci görüşlərini keçiriblər.
AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan komandamız qarşılaşmada Macarıstan yığmasına 23:47 hesabı ilə uduzub. Bu qrupun digər oyununda İsveçrə seçməsi Çexiya yığmasını 40:24 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, həndbol yarışlarında qadınlar və kişilər mübarizə aparırlar. Həm qadın, həm də kişi həndbolçuların yarışlarının hər birində səkkiz komanda iki qrupda yer alıb. Qadınların yarışında A qrupunda İspaniya, Fransa, Hollandiya və Rumıniya, B qrupunda Azərbaycan, Çexiya, Macarıstan və İsveçrə yığmaları mübarizə aparırlar. Kişilərin mübarizəsində isə Azərbaycan, Danimarka, Almaniya və Serbiya milliləri A qrupunda, Xorvatiya, Fransa, İslandiya və Sloveniya seçmələri isə B qrupunda yarışırlar.
Festivalın həndbol yarışları Bakı İdman Sarayında və “ABU Arena”da keçirilir.
Həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.