İQTİSADİYYAT
Macarıstanla enerji əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsinə dair danışıqlara başlanılacaq


Bakı, 29 mart, AZƏRTAC
Macarıstanla enerji əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı danışıqlar prosesinə başlanılacaq.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, martın 29-da şirkətin prezidenti Rövnəq Abdullayev Macarıstanın xarici işlər və ticarət naziri Peter Syartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qeyd olunub ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlıq müxtəlif sahələrdə yüksək səviyyədə inkişaf edir. Hər iki dövlətin başçısı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı niyyətlərini ifadə ediblər. Bu baxımdan Azərbaycanın öncüllüyü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi xüsusi əhəmiyyət kəsb edir. İki qitəni birləşdirən bu layihə vasitəsi ilə Xəzər hövzəsində hasil edilmiş təbii qazın Avropa qaz şəbəkəsinə daxil olması qitənin bir çox ölkələrinə, o cümlədən Macarıstana da təbii qaz nəql edilməsinə imkan yaradacaq.
Görüşdə Macarıstan tərəfi Cənub Qaz Dəhlizi vasitəsilə qaz həcmləri əldə etmək marağını ifadə edib. Macarıstan ilə Azərbaycan və SOCAR arasında enerji əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı danışıqlar prosesinə başlanılmasına dair ilkin razılıq əldə olunub.