İQTİSADİYYAT
Macarıstanlı nazir yüksək texnologiyalar sahəsində Azərbaycanla birgə layihələr həyata keçirilməsini dəstəkləyir
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, nazir Əli Abbasov qonaqlara dinamik inkişaf edən ölkəmizdə İKT sahəsində əldə olunan uğurlar barədə məlumat verib. Bildirilib ki, dövlət başçısının tapşırığına əsasən ölkə iqtisadiyyatının neftdən asılılığını minimuma endirmək üçün digər sahələrlə yanaşı, İKT sahəsində də uğurlu layihələr həyata keçirilir. Yeni tipli innovativ məhsulların xarici bazara çıxışı üçün məqsədyönlü iş aparılır.
İnnovativ əsaslı inkişaf modelinin reallaşması, ölkənin regional İKT mərkəzinə çevrilməsi üçün Azərbaycanda Məlumatların Emalı və Saxlanılması Mərkəzinin qurulmasının vacibliyini qeyd edən nazir bu sahədə Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə aparılan işlərdən danışaraq, Macarıstanın təcrübəsinə də böyük əhəmiyyət verildiyini bildirib.
Azərbaycan ilə Macarıstan arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edən Peter Siyarto əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı perspektivlərin, qarşılıqlı marağın olduğunu nəzərə çatdırıb. Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətindən söz açan Peter Siyarto yüksək texnologiyalar sahəsi üzrə birgə layihələrin reallaşmasını, həmçinin müştərək layihələr əsasında investisiya qoyuluşunu dəstəklədiyini vurğulayıb.