SİYASƏT


Macarıstanlı politoloq: Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı geniş əhatəli idi

Budapeşt, 28 sentyabr, AZƏRTAC

Regional təhlükəsizlik məsələləri üzrə ekspert, macarıstanlı politoloq Attila Hargitai AZƏRTAC-ın müxbiri ilə söhbətində BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını yüksək qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, politoloq Azərbaycanın dövlət başçısının nitqini genişəhatəli və məzmunlu nitq kimi səciyyələndirib. A.Hargitai deyib: “Prezident İkinci Qarabağ müharibəsinin başlanmasının birinci ildönümü ərəfəsində çıxış edib. Bu müharibə nəticəsində regionda tamamilə yeni geosiyasi reallıq əmələ gəlib. Bu reallıq müharibəyə qədər mövcud olan və uzunömürlü olmayacağı barədə təkcə azərbaycanlı siyasətçilər tərəfindən deyil, müəyyən məqamda ATƏT-in Minsk qrupu həmsədrlərinin özləri tərəfindən də xəbərdarlıq edilən status-kvonu darmadağın etdi”.

Macarıstanlı politoloq qeyd edib ki, indi toplar susub və hər iki dövlətin hər şeyi regional əməkdaşlıq əsasında yeni səhifədən başlaması üçün yaxşı imkan yaranıb. “Sülh sazişinin və sərhədləri qarşılıqlı tanımağın alternativi yoxdur. Məsələn, biz macarlar hər bir qonşu dövlətdə sayca əhəmiyyətli olan macar icmalarının kompakt yaşaması faktına baxmayaraq, bütün qonşularımızla sərhədləri tanımışıq”, - deyə o, Ermənistanın da örnək götürməli olacağı düzgün nümunəyə işarə edib.

Macarıstanlı ekspert Azərbaycanın dövlət başçısının BMT Baş Assambleyasının tribunasından çıxışında “peyvənd millətçiliyi” və eqoizm mövzusuna toxunması faktını da yüksək dəyərləndirib. O bildirib ki, “sənaye cəhətdən inkişaf etmiş dövlətlər buna görə xəcalət çəkməlidirlər”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.