DÜNYA
Macarların yay mövsümü üçün planları barədə
Budapeşt, 4 may, AZƏRTAC
Macarların üçdəbir hissəsi qəti qərara alıb ki, bu il yay məzuniyyəti dövründə evdə qapanıb qalmayacaqlar.
AZƏRTAC bu barədə yaxın günlərdə Macarıstanda keçirilmiş sosioloji sorğunun nəticələrinə əsasən xəbər verir. Bununla əlaqədar, turizm agentliklərinin saytlarında sifarişlər qəbulu artıq başlanıb.
Yay məzuniyyəti ilə bağlı planları hazır olan macarların təqribən üçdə iki hissəsi yalnız ölkə hüdudlarında dincəlməyi, 20 faizi isə xaricə getməyi planlaşdırır. Rəyi soruşulanların 10 faizdən bir qədər çoxu həm ölkə daxilində, həm də xaricə səfərlər etmək niyyətindədir.
Respondentlərin 35 faizi Balaton gölünün sahilində mənzil bronlamağa başlayıb. Xaricdə istirahət etməyə hazırlaşan macarlar əsasən İtaliya, Yunanıstan və Türkiyəyə getmək fikrindədir.
Macarların təqribən üçdəbir hissəsi isə bu yayda səyahət etməyi ümumiyyətlə planlaşdırmır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt