ELM VƏ TƏHSİL
“Maddi mədəni irsin sosial-iqtisadi təsirləri” kitabı çapdan çıxıb
Bakı, 21 noyabr, AZƏRTAC
İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Tanrıverdi Paşanın “Maddi mədəni irsin sosial-iqtisadi təsirləri” kitabı çap olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun Elmi şurasının qərarı ilə çap edilən nəşrin elmi redaktoru iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva, rəyçiləri iqtisad elmləri doktoru Yaşar Məmmədov, dosent Pərviz Həsənov və dosent Sevda Vəliyevadır.
Monoqrafiyada mədəni irsin cəmiyyətin davamlı sosial-iqtisadi inkişafında rolu və potensial təsir sahələri açıqlanır, mədəni irsin qorunub saxlanılması, bərpası və ondan istifadəyə dövlət dəstəyinin və müdaxiləsinin zəruriliyi əsaslandırılır. Müasir şəraitdə mədəni irsin iqtisadi komponentlərinin qiymətləndirilməsi, mədəni irsin idarə edilməsi, müxtəlif idarəetmə qurumları səviyyəsində mədəni irs obyektlərinin kapitallaşdırılması strategiyaları araşdırılır. Dünya təcrübəsinə əsaslanaraq mədəni irsin Azərbaycan Respublikasında xarici və daxili turizmin inkişafına, kreativ iqtisadiyyatın təşəkkülünə verə biləcəyi fayda və töhfələr, “ağıllı şəhər” və “ağıllı kənd” kontekstində yeni kreativ imkanlar açıqlanır. Əsərdə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi-mədəniyyət abidələri əhəmiyyətinə görə təhlil olunur, regionlarda mədəni irsin idarə edilməsinin təkmilləşdirilməsi, mədəni-tarixi mühitinin yaxşılaşdırılması yolları göstərilir. Həmçinin dünya təcrübəsinə əsaslanaraq, mədəni irs obyektlərinin qorunub saxlanılması və bərpasına maliyyə mənbələrinin cəlb olunması mexanizmləri təklif edilir.
Kitab elmi işçilər, mədəniyyət və mədəni irsin iqtisadiyyatı ilə məşğul olan mütəxəssislər, magistr və doktorantlar, ali məktəb müəllimləri və tələbələr üçün nəzərdə tutulub.