İQTİSADİYYAT
“Made in Uzbekistan” onlayn biznes forumu işə başlayıb
Bakı, 9 iyun, AZƏRTAC
“Caspian Event Organisers” (“CEO”) şirkətinin və Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə “Made in Uzbekistan” onlayn biznes forumu keçirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, biznes forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) departament rəhbəri Zöhrab Qədirov biznes və investisiya mühiti, ixrac imkanları barədə məlumat verib, Özbəkistan iş adamlarını ölkəmizdəki əlverişli işgüzar şəraitdən yararlanmağa, əlaqələri genişləndirməyə dəvət edib. Biznes forumun ilk günündə hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
“Made in Uzbekistan” onlayn biznes forumu iyunun 12-dək davam edəcək. Forum çərçivəsində kənd təsərrüfatı, qida sənayesi, maşınqayırma və sair sahələrdə fəaliyyət göstərən sahibkarların onlayn görüşləri təşkil olunacaq.