İQTİSADİYYAT
“Made in Uzbekistan” onlayn biznes forumuna Azərbaycanın 60-dan çox sahibkarı qatılıb
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan sahibkarları ilə Özbəkistanın ixracatçı təşkilatları arasında keçirilən “Made in Uzbekistan Online” adlı biznes forumu uğurla başa çatıb.
“Caspian Event Organisers” (“CEO”) şirkətindən AZƏRTAC-a bildirilib ki, biznes forumda Özbəkistanın ixracyönümlü məhsullarının 56 istehsalçısı, eləcə də Azərbaycanın 60-dan çox sahibkarı iştirak edib. Biznes forumun proqramına qida sənayesi və kənd təsərrüfatı, maşınqayırma və dağ-mədən sənayesi, yüngül sənaye, elektrotexnika sahələri üzrə görüşlər daxil olub.
Biznes forumum çərçivəsində 100-dən çox səmərəli ikitərəfli görüş keçirilib. Bu görüşlər çərçivəsində özbək şirkətləri öz məhsullarını təqdim etmək, Azərbaycan şirkətləri isə bizneslərinin inkişafı üçün yeni imkanlar tapmaq imkanı əldə ediblər.
Forum təşkilatçıları hər iki tərəfin iştirakçılarından tədbirin yüksək səviyyədə keçirildiyi ilə bağlı bir çox müsbət rəy alıblar.
“Forum çox yüksək səviyyədə təşkil olunub. Tədbir zamanı konstruktiv, faydalı ünsiyyət baş tutub. İnanıram ki, biznes forum Azərbaycan və Özbəkistan biznes dairələrində işgüzar mühitin qorunmasında mühüm addım olacaq. İş adamlarının sərgilərdə “canlı” formatda danışıqlar aparmağını gözləyirik”, - deyə Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Əşrəfxanov bildirib.
“Caspian Event Organisers” şirkəti tərəfindən bu növ tədbirlər üçün xüsusi işlənib hazırlanmış proqram sayəsində bütün onlayn görüşlər tam avtomatlaşdırılmış platformada həyata keçirilib. Bu proqram şirkətlərə potensial tərəfdaşlar ilə müstəqil şəkildə görüş təyin etmək və bu görüşü öz şəxsi virtual kabinetlərində keçirmək üçün imkan yaradır.
Qeyd edək ki, biznes forum Özbəkistanın ölkəmizdəki səfirliyi ilə birlikdə Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyinin İxracın Təşviqi Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Caspian Event Organisers” şirkəti tərəfindən təşkil olunub.