QAN YADDAŞI
Madonna Qvelebiani: Ermənilərin Xocalıda törətdikləri cinayət əsl soyqırımıdır
Tbilisi, 23 fevral, AZƏRTAC
Xocalı faciəsi qurbanlarının xatirəsi Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda da ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşkil etdiyi mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Anar Hidayətov, təşkilatın Qardabani, Marneuli, Bolnisi rayonlarından və Rustavi şəhərindən olan üzvləri, azərbaycanlı və gürcü müəllimlər iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub, şəhidlərin ruhuna dualar oxunub.
Təşkilatın sədri Səadət Zeynalqızı tədbiri açaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, Xocalı soyqırımının səbəb və nəticələri barədə danışıb.
Gürcü müəllimə Madonna Qvelebiani çıxışında ermənilərin Xocalıda və Azərbaycanın işğal olunmuş digər ərazilərində törətdikləri cinayətləri vandalizm adlandırıb. O deyib: “Xocalıda törədilənlər çox ağrılı faciə və vandalizm aktıdır. Bu cür hadisələr Gürcüstanın Abxaziya və Osetiya bölgələrində də baş verib. Ermənilər dinc insanlara divan tutub, yüzlərlə günahsız insanı amansızlıqla qətlə yetiriblər. Dünya ictimaiyyəti bu cür vandal hərəkətlərə qiymət verməli və cinayətkarlar cəzalarını almalıdır”.
M.Qvelebiani deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri əsl soyqırımıdır: “Gecə şəhərə verilən elektrik enerjisi kəsilir, nəqliyyatın hərəkəti dayandırılır, şəhər tam mühasirəyə alınır. Sonra şəhərə hücum təşkil olunur və yüzlərlə insan – uşaq, qadın və qoca amansızlıqla qətlə yetirilir. Bunun bir adı var, soyqırımı. Bu cür faciələrə başqa ad vermək olmaz”.
M.Qvelebiani faciə ilə bağlı Azərbaycan xalqına səbir, şəhidlərə Allahdan rəhmət diləyib.
Digər çıxış edənlər Xocalı faciəsinin insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildiriblər.
Tədbirdə fevralın 26-da Azərbaycandilli məktəblərdə Xocalı faciəsi barədə şagirdlərə ətraflı məlumat verilməsi barədə qərar qəbul olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi