İDMAN
Madrid icması Formula-1 Qran-Prisinə ev sahibliyi etmək istəyir
Madrid, 24 iyun, AZƏRTAC
Madrid icmasının hakimiyyət orqanları Formula-1 yarışlarının prezidenti və baş icraçı direktoru Stefano Domenikaliyə yaxın illərdə bölgədə Qran-Priyə ev sahibliyi etməklə bağlı müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məktubu Madrid icmasının ədliyyə, daxili işlər və zərərçəkmişlər naziri Enrike Lopez imzalayıb. Məktubda bildirilir ki, Madrid yaxın illərdə dünya trasının bir hissəsi olmağa və Formula-1 Qran-Prisinin dayanacaqlarından birinə ev sahibliyi etməyə hazırdır.
Madrid icması hökumətinin sədri İzabel Diaz Ayusonun sözlərinə görə, bölgənin səmərəli nəqliyyat sistemi, əlverişli hava şəraiti, mədəni və qastronomik zənginliyi və yaxşı mehmanxana infrastrukturu var.
Madrid bölgəsində sonuncu Formula-1 yarışı 1981-ci il iyunun 21-də Madrid şəhərindən 30 kilometr şimalda yerləşən Xarama trasında keçirilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid