MƏDƏNİYYƏT
Madriddə “Qafqaz Albaniyasının mədəni irsi” adlı konfrans keçirilib
Madrid, 7 oktyabr, AZƏRTAC
Madriddə Kral Xuan Karlos Universitetində “Qafqaz Albaniyasının mədəni irsi" adlı II konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, bu, Kral Xuan Karlos Universitetində keçirilən Qafqaz Albaniyasının mədəni irsinə dair ikinci konfransdır. İlk konfrans 2017-ci ildə Azərbaycan Dillər Universitetinin rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Qəyyumlar Şurasının sədri, akademik Kamal Abdullanın təşəbbüsü ilə Azərbaycanda “Multikulturalizm İli”nə həsr olunmuş tədbirlər çərçivəsində keçirilib.
Konfransın əvvəlində akademik Kamal Abdullanın konfrans iştirakçılarına videomüraciəti nümayiş olunub, müraciətdə İspaniyada albanşünaslıq mövzusunda bir konfransın keçirilməsinin əlamətdar bir hadisə olduğu vurğulanıb. K.Abdulla, Qafqaz Albaniyasının öyrənilməsinin Azərbaycanda konsolidasiya mövzusu olduğunu söyləyərək, araşdırmanın nəticələrinin bölgədə yaşayan digər xalqların tarixinə işıq salacağına ümid etdiyini bildirib.
Konfransda Madrid Kral Musiqi Konservatoriyasının musiqi müəllimi Nigar Əsgərova “Azərbaycanın mədəni irsinin qorunması siyasəti” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, çoxəsrlik multikulturalizm ənənələrinə və UNESCO-nun təbliğ etdiyi dəyərlərə sadiq olan Azərbaycan mədəni irsinin qorunması üzrə bir sıra layihələr həyata keçirir. N.Əsgərova erməni işğalından azad edilmiş ərazilərdə dini ibadət yerlərinin bərpasına xüsusi diqqət yetirildiyini vurğulayıb. O qeyd edib ki, mədəni irsin qorunması siyasəti Azərbaycanın mədəni müxtəlifliyini təşkil edən müsəlman və xristian irsi arasında fərq qoymadan bütün abidələrimizin bərpasına yönəlib. Məruzəçi bildirib ki, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların bərpası ilə yanaşı, Heydər Əliyev Fondu Parisdəki Luvr Muzeyində, Vatikandakı Müqəddəs Marçellinio və Pietro katakombalarında, Strasburqdakı Notre Dame Katedrali, Bolqarıstanda Trapezitsa sarayı və qülləsində bərpa işləri aparıb.
Konfransda Madrid Muxtar Universitetinin arxeologiya elmləri doktoru, İspan Şərqşünaslar Assosiasiyasının baş katibi Xesus Xil Fuensanta "Qafqaz Albaniyasının artefaktlarının monastır kompleksləri və arxeoloji tapıntıları" mövzusunda, Kral Xuan Karlos Universitetinin müəllimi Elena Şoroxova “Rusiya Federasiyasında Qafqaz Albaniyasının mədəni irsi” mövzusunda məruzə ilə çıxış ediblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid