QAN YADDAŞI
Madriddə Xocalı soyqırımının növbəti ildönümü yad olunmuşdur VİDEO
Madrid, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Madriddə Xocalı soyqırımının 22-ci ildönümü anılmışdır. İspaniyada yaşayan azərbaycanlıların təşəbbüsü və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbir Ermənistanın Madriddəki səfirliyinin binası önündə baş tutmuşdur. Qeyd olunmalıdır ki, bu formatda aksiya İspaniyada ilk dəfə keçirilir.
Aksiyanın keçirilməsi üçün rəsmi orqanlardan hökumətindən razılıq alınmışdır.
İspaniyanın müxtəlif şəhərlərində yaşayan və təhsil alan azərbaycanlılar torpaqlarımızın işğaldan azad olunması tələbi ilə Ermənistanın səfirliyinə, İspaniya Senatına və Konqresə ünvanlanmış məktub hazırlamışlar.
Aksiya iştirakçıları üstündə “Justice for Khojaly” və “Karabakh belongs to Azerbaijan” yazılan köynəklər geyinərək, ictimaiyyət arasında Xocalı faciəsini əks etdirən bukletləri paylamış, Qarabağın tarixi, Xocalıda ermənilərin törətdiyi vəhşiliklər barədə məlumatlar yaymışlar. İspan və ingilis dillərində şüarlar və çağırışlar səslənmişdir.
Aksiya yerli polis tərəfindən qorunmuşdur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid