CƏMİYYƏT


Madriddə keçirilən iqlim konfransının iştirakçıları ekoloji məsuliyyət nümunəsi göstərirlər

Bakı, 9 dekabr, AZƏRTAC

Bu günlərdə Madriddə keçirilən iqlim konfransının iştirakçıları iqlim fəlakətindən yaxa qurtarmaq üçün bizim öz həyat tərzimizi necə dəyişməli olduğumuzu şəxsi nümunə əsasında nümayiş etdirilər: Onlar birdəfəlik qablardan istifadə etmir, yalnız ictimai nəqliyyatdan istifadə edir və ya piyada gəzir, ağac əkir, hətta karbon qazı emissiyasına görə kompensasiya ödəyirlər.

AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir ki, iqlim problemlərinə dair Madriddə keçirilən beynəlxalq görüşdə dünyanın bütün ölkələrindən təqribən 25 min nəfər iştirak edir. Onlar planetdə qlobal istiləşməyə səbəb olan parnik qazlarının atmosferə tullantısını azaltmaq yollarını müzakirə edirlər. Bu halda nümayəndələr özləri bu mübarizəyə imkan daxilində töhfə verə bilər.

Konfrans iştirakçılarının çoxu bu tədbirə piyada gəlir, beləliklə şəhərə düşən nəqliyyat yükünü və karbon qazı tullantılarını azaltmağa çalışırlar. Hökumətlərin yüksəkvəzifəli nümayəndələrinin öz diplomatik nümayəndəliklərinin avtomobillərindən istifadə etmələrinə ehtiyac yoxdur, çünki şəhərdəki istənilən mehmanxanadan konfransın keçirildiyi yerə ictimai nəqliyyatla, məsələn metro və avtobusla gəlmək olar. Şəhər hakimiyyəti də qarşılıqlı addım atıb – konfrans iştirakçıları üçün ictimai nəqliyyatda gediş pulsuzdur.

BMT-nin İqlim Dəyişmələrinə dair Çərçivə Konvensiyasının iştirakçılarının 25-ci sessiyası Çilinin paytaxtı Santyaqoda keçirilməli idi. Bu görüşün Madriddə keçirilməsi barədə qərar konfransın başlanmasına bir ay qalmış qəbul edilib: Çilidə etiraz nümayişləri ilə əlaqədar ölkə hakimiyyəti iqlim forumunun keçirilməsinin təmin edə bilməyəcəklərini bəyan ediblər. Buna görə də İspaniya hökumətinin və BMT-nin qonaqları qarşılamağa hazırlaşmaqdan və belə bir tədbirin ətraf mühit üçün labüd nəticələrini minimuma endirməkdən ötrü vaxtı az idi. Konfransın təşkilatçıları bu görüşün maksimum ekoloji olması üçün əllərindən gələni edəcəklərinə söz veriblər. Xatırladaq ki, konfransın açılışında BMT-nin Baş Katibi Antonio Quttereş çıxış edib. “Bəşəriyyət parnik qazları tullantılarını artırmaqla geri qayıtmaq mümkün olmayan həddə yaxınlaşır”, - deyən Baş Katib iqlim fəlakətindən xilas olmaq üçün mövcud imkanlardan istifadə etməyə çağırıb.

BMT-nin İqlim Dəyişmələrinə dair Çərçivə Konvensiyasının iştirakçılarının budəfəki görüşü mürəkkəb və həlledici məqamda keçirilir. Bu gün artıq aşkar görünür ki, hətta həmin ölkələr 2015-ci il Paris sammitində qəbul edilmiş öhdəlikləri yerinə yetirsələr belə, qlobal temperaturun artımının 1,5 dərəcə həddində saxlanması hədəfinə çatmaq mümkün olmayacaq. Bəşəriyyət hələlik elə bir yoldadır ki, bu yolla hərəkət temperaturun 3 dərəcə və daha çox artmasına gətirib çıxaracaq. Alimlərin fikrincə, bunun nəticəsində planetin ayrı-ayrı hissələri kimsəsiz ərazilərə çevriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.