SİYASƏT
Maestro Konstantin Moskoviç Moldovadakı Azərbaycan diasporu üçün sürpriz hazırlayır
Kişineu, 15 sentyabr, AZƏRTAC
Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Vüqar Novruzov MAK-ın Kişineudakı ofisində maestro Konstantin Moskoviç ilə görüşüb.
Moldovanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, habelə Moldova turizminin fəaliyyətdə olan elçisi Konstantin Moskoviç nay adlanan qədim moldav musiqi alətində - uzunsov çoxgövdəli fleytada çalır. Maestro tez-tez xeyriyyə aksiyalarında iştirak edir, müxtəlif dünya ölkələrinə qastrol səfərlərinə çıxır.
Görüşdə Moldovanın ali rəhbərliyinin iştirakı ilə hər payız keçirilən və ölkədə parlaq hadisəyə çevrilən ənənəvi bayramın – “Müxtəliflik vasitəsilə birlik” etnomədəni festivalının proqramına MAK-ın qoşulması məsələsi müzakirə edilib.
Konstantin Moskoviç AZƏRTAC-a məxsusi müsahibəsində bildirib ki, MAK və bütövlükdə Azərbaycan üçün yeni sürpriz hazırlayır. Budəfəki festivalda Azərbaycan xalq melodiyalarını ilk dəfə milli musiqi alətimiz olan balabanda ifa edəcək. O bildirib ki, bu festivalda həmişə sevə-sevə iştirak edir və Azərbaycan mədəniyyətinə böyük hörmətlə yanaşır. O, qardaş Azərbaycan xalqının musiqisini moldav xalqının musiqi aləti olan nayda ifa edir.
Milli azlıqların bayram tədbirlərində “Azərbaycan pavilyonu” həmişə təşkilatçılıq işlərinin yüksək səviyyədə olması ilə seçilir. Pavilyona gələn qonaqları böyük hörmətlə qarşılayırlar. Xüsusilə, xalqınızın qonaqpərvərliyi güclü təəssürat oyadır. Milli kostyumlar, fotosərgilər, xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənət, təsviri yaradıcılıq əsərləri, məişət əşyaları, böyük sevgi ilə hazırlanan dadlı və bənzərsiz milli yeməklər festivalın qonaqlarının diqqət mərkəzində olur.
Maestro sonda deyib: “Şübhəsiz ki, belə tədbirlər cəmiyyəti birləşdirir və ümummilli layihələri uğurla həyata keçirməyə əlverişli şərait yaradır”.
Xatırladaq ki, 2010-cu ildə Konstantin Moskoviç MAK-ın dəstəyi ilə “Moldav nayında Azərbaycan musiqisi antologiyası” albomunu təqdim edib. Bu unikal albom Azərbaycanın seçilmiş xalq və müəllif musiqi əsərlərinin toplusudur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu