MƏDƏNİYYƏT
Maestro Niyazinin xatirəsi anılıb
Bakı, 5 avqust, AZƏRTAC
Niyazinin adını daşıyan mənzil-muzeydə görkəmli dirijorun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks etdirən və muzeyin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş olunub.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək bəstəkar, Xalq Artisti, maestro Niyazinin mənalı ömür yolu, zəngin yaradıcılığı haqqında ətraflı məlumat verib.
Muzeyin şöbə müdiri Xanım Abdinova maestronun yaradıcılığı ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətindəki əvəzsiz xidmətlərindən söz açıb.
Daha sonra “Rast. Niyazi” sənədli filminin rejissoru Nonna Müzəffərovanın muzeyə hədiyyə etdiyi, kinoarxiv fonduna məxsus sənədli filmlərdən toplanmış tarixi kadrlardan ibarət videoçarx nümayiş olunub.
Tədbir Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Fuad Əlizadənin ifasında Niyazinin repertuarına daxil olan əsərlərdən ibarət musiqi proqramı ilə davam edib.