MƏDƏNİYYƏT


Maestronun əbədi xatirəsini nəsillərə ötürən məkan: Niyazinin ev-muzeyi

Bakı, 14 yanvar, AZƏRTAC

Paytaxtımızda elə binalar, elə mənzillər var ki, tarix baxımından çox qədim olmasa da, orda yaşayan görkəmli şəxsiyyətlərin adı qədər möhtəşəm və uca görünür. Paytaxtımızın Bülbül prospekti 21 ünvanındakı, görkəmli dirijor Niyazinin ev-muzeyi də belə məkanlardandır. Şəhərin mərkəzi küçələrindən birində yerləşən bu mənzil dahi şəxsiyyətin əbədi xatirəsini nəsillərə ötürərək sənət dünyamızın bənzərsiz tarixini yaşatmaqda davam edir. Görkəmli sənətkar 1958-ci ildən ömrünün sonuna qədər bu mənzildə yaşayıb, yaradıb. Bu mənzildə maestro, ömür-gün yoldaşı, 51 il birgə xoşbəxt yaşadığı Həcər xanımla dövrünün çox dəyərli simaları ilə elm-sənət söhbətləri edib, unudulmaz görüşlər keçirib. Bu mənzil Niyazi musiqisinin, onun bəstələrinin, məşqlərinin ən etibarlı “şahididir”.

Niyazinin ev-muzeyinin təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilib. 18 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. Ev-muzeyi 5 otaqdan ibarətdir: bunlardan 3-ü (yemək, yataq və iş otağı) memorial otaqlardır. Onlar Maestronun dövründə olduğu kimi qorunub saxlanılıb. Digər 2 otaq — ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, not əlyazmaları, afişalar, proqramlar və s. eksponatlar nümayiş etdirilir. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif illərdə Maestroya bağışlanmış və muzey tərəfindən əldə olunmuş rəngkarlıq əsərləri nümayiş etdirilir.

Dünyada elə dahi şəxsiyyətlər olub ki, öz peşə və sənətlərindən əlavə, digər heyrətləndirici bacarıqları ilə hər zaman maraq doğurublar. Ancaq onların bir çoxunun ən qəribə vərdiş və bacarıqları çoxlarına bəlli deyil. Xalqımızın dahi şəxsiyyətlərindən olan, görkəmli dirijor Niyazi hamının yaddaşına maestro kimi həkk olunsa da, o, gənclik illərində ciddi şəkildə ağır atletika ilə məşğul olub və dəfələrlə birincilik əldə edib.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin qardaşı oğlu olan və uşaqlıq illərindən dövrünün tanınmış sənət adamları, yazıçıları arasında böyüyən Niyazi mükəmməl musiqi təhsili alıb. Bu gün Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır.

Niyazinin ev-muzeyi 25 ildir sənətsevərlərin üzünə açılmasına baxmayaraq bu məkan hər bir ziyarətçiyə xalqımızın mənsub olduğu musiqi dünyası haqqında çox qədim rəvayətlər “danışır”. Bura üz tutan hər kəs təkcə Niyazi dünyasının sehrinə düşmür, həm də Azərbaycan musiqisinin bənzərsizliyindən, əbədiyaşarlığından və bu yolda ömrünü xərcləyən görkəmli sənətkarların sənət dünyasından xəbərdar olur. Bu məkan hər bir ziyarətçiyə təkcə maestronun sənət dünyası haqda yox, həm də Azərbaycan musiqisi haqda məlumat verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.