MƏDƏNİYYƏT


“Mağcan Cumabay anma ili”nin açılışı və TÜRKSOY-un mətbuat mükafatının təqdimatı keçirilib

Bakı, 17 fevral, AZƏRTAC

2018-ci il üçün türk dünyası mədəniyyət paytaxtı elan edilən Kastamonuda anadan olmasının 125-ci ilində məşhur qazax şairi “Mağcan Cumabay anma ili”nin açılışı və TÜRKSOY-un mətbuat mükafatının təqdimatı keçirilib.

AZƏRTAC Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) saytına istinadla xəbər verir ki, mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı apardığı “Zeytun budağı” əməliyyatını xatırladaraq, yaşadığımız coğrafiyanın bir sınaqdan keçdiyini vurğulayıb. Məhz bu zamanda daha çox birlik olmağa, həmrəylik ruhunu gücləndirməyə və qardaşlığımızı göstərməyə ehtiyacımız var deyən D.Kaseinov, bir əsr əvvəl də Mağcan Cumabayın topladığı yardımlar, yazdığı şeirlərlə Anadoludakı qardaşlarına həm maddi, həm də mənəvi dəstək olduğunu qeyd edib.

D.Kaseinov bildirib ki, qazaxların Abaydan sonra ən böyük şairi olan Mağcan, milli oyanışa, milliləşmə səylərinə və qurtuluş mübarizəsinə güc verən aydındır: “Balkanlar, Çanaqqala və Qurtuluş müharibələrində vuruşan osmanlının iztirabını qəlbində daşıyan şair, qan qardaşı Anadolu türklərinin acısını 1918-ci ildə qələmə aldığı “Uzaqdakı qardaşıma” adlı şeiri ilə bölüşmüşdür. Onun bu şeiri qazaxların o dövrdə yaşadığı böyük çətinliklərə baxmayaraq, qardaş Türkiyənin düşdüyü çətin vəziyyəti qəlbində hiss edərək yazılmış tarixi bir əsərdir. Bugünkü nəsil, qardaşlıq bağının nə qədər əhəmiyyətli olduğunu Mağcanın şerində görür”.

TÜRKSOY-un baş katibi vurğulayıb ki, şairin Türkiyədə nə qədər sevildiyinin başqa bir göstəricisi isə, Sovet dövründə öz ölkəsində onun əsərləri qadağan olunarkən Anadolu torpaqlarında yayılmasıdır. Bildirib ki, müstəqillikdən sonra M.Cumabayın xaricdə ilk heykəli Ankarada Keçiörəndə qoyulub. Türkiyə türklərinin göstərdiyi bu hörmət bütün qazaxları qürurlandırır.

Kastamonu valisi Yaşar Karadeniz çıxışında mədəniyyət paytaxtı olmasının Kastamonuya böyük bir dəyər qatacağını bildirib. Kastamonunun bu cür tədbirlərlə həm tanınacağını, həm də türk dünyasını yaxından tanıyacağını ifadə edən Karadeniz, “Türkiyədə milli şair Mehmet Akif Ersoy kimdirsə Qazaxıstanda da Mağcan Cumabay odur. Mədəniyyəti inkişaf etdirərkən milli şüuru da inkişaf etdirmək üçün bu şairlərin və yazıçıların rolu və töhfəsi böyükdür”, - deyib.

Çıxışında TÜRKSOY-un önəmini vurğulayan və təşkilatın bu il 25 illiyini qeyd etdiyini xatırladan Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman, TÜRKSOY-un, “Türk dünyasının UNESCO-su” kimi mühüm fəaliyyətlərə imza atdığını söyləyib.

H.Yayman çıxışında mədəniyyət və incəsənətə əhəmiyyət verdiklərini bildirərək, türk dünyasının ruhunu, mahiyyətini böyük şairlərin təşkil etdiyini deyib. Mağcan Cumabayın Türkiyənin milli mübarizə dövründə yazdığı “Uzaqdakı qardaşıma” şeiri ilə Anadoludakı qardaşlarının kədərini bölüşdüyünü misralarında əks etdirdiyini dilə gətirən nazir müavini deyib: “Türkün türkdən başqa dostu yoxdur və belə qalacaqdır”.

H.Yayman çıxışının sonunda M.Cumabayın “Uzaqdakı qardaşıma” şeirdən misralar oxuyub.

Mərasimdə çıxış edən Kastamonu Bələdiyyə sədri Tahsin Babaş, Qazaxıstan şairi Mağcan Cumabayı qədim türk torpağı Kastamonuda anmaqdan məmnuniyyət duyduğunu dilə gətirib. TÜRKSOY-ya göstərdiyi fəaliyyətlərə görə təşəkkür edən T.Babaş, bu faydalı tədbirlərin iştirakçılara türk dünyası haqqında məlumat verdiyini və unudulmaz bir yaddaş formalaşdırdığını qeyd edib. Bələdiyyə olaraq ciddi işlər gördüklərini və keçirilən tədbirlərə töhfə verdiklərini qeyd edən bələdiyyə sədri, bərpa etdikləri Şeyxoğlu malikanəsini 2018-ci ilin mədəniyyət paytaxtı Kastamonu və TÜRKSOY-un tədbirləri üçün açacaqlarını bildirib.

Çıxışlardan sonra Mağcan Cumabayın həyatı və sənəti haqqında təqdimatlar olub. “Mağcan Cumabay anma ili” açılış mərasimi qazaxıstanlı sənətçilərin təqdim etdiyi kiçik konsert və ədəbi-bədii hissə ilə başa çatıb.

Tədbirin sonunda keçirilən TÜRKSOY-un mətbuat mükafatlarının təqdimat mərasimində türk mədəniyyətinin tanıdılması və zənginləşdirilməsinə töhfə verən türk dünyası mətbuat nümayəndələrinə mükafatlar verilib. On ölkədən 14 mətbuat nümayəndəsinə mükafatların təqdim edildiyi mərasimdə Azərbaycandan mükafata “Kaspi” qəzeti layiq görülüb. Mükafat qəzetinin baş direktoru İlham Quliyevə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.