ELM VƏ TƏHSİL
“Magistr” jurnalının birinci nömrəsi çap olunub VİDEO
Bakı, 6 yanvar, İbrahim Əsədov, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Magistr” jurnalının cari ildə birinci nömrəsini nəşr etdirərək bakalavrların istifadəsinə verib.
Bu barədə yanvarın 6-da TQDK-da keçirilən mətbuat konfransında bu qurumun mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə, şöbə müdiri Natiq Əliyev məlumat veriblər. Qeyd olunub ki, jurnalın bu nömrəsində ölkəmizin ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları, həmçinin ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və test tapşırığı nümunələri, açıq tipli test tapşırığı nümunələri, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları və digər materiallar verilib.
Qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır.
Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə yazı işini yerinə yetirməlidirlər (bu barədə ixtisaslaşmalar üzrə qəbul proqramları dərc olunanda məlumat veriləcək).
Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya ixtisasının Azərbaycan dili və ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dillərini də seçə bilərlər.
Filologiya, dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər. Regionşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız alman dilini, regionşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olunmaq istəyən bakalavrlar isə xarici dil kimi yalnız fransız dilini seçməlidirlər.
Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun gəlməlidir.
Bakalavrlar qəbul imtahanlarında iştirak etmək üçün təyin olunan vaxtda “Bakalavrэn elektron ərizəsi” ni doldurmalэ və TQDK tərəfindən yaradэlmэю Sənəd Qəbulu komissiyalarэna mьvafiq sənədlərin əsillərini єəxsən təqdim etməklə ərizələrini təsdiqlətdirməlidirlər.
Qəbul imtahanı iki mərhələdə keçirilir. Bu mərhələlərdə bakalavrın hər test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Konfransda, eyni zamanda, “Bakı Avropa Oyunları–2015” ilə əlaqədar magistratura səviyyəsinə qəbul imtahanlarının vaxt cədvəlində dəyişikliklərin nəzərdə tutulduğu bildirilib. Qeyd edilib ki, bu il qəbul imtahanının birinci mərhələsinin fevralın sonunda, ikinci mərhələsinin isə aprelin sonunda və ya mayın əvvəlində keçirilməsi nəzərdə tutulur.
Sonda jurnalistlərin sualları cavablandırılıb.