ELM VƏ TƏHSİL
Magistr müdafiəsi Ədəbiyyat İnstitutunun tarixində əhəmiyyətli hadisədir
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutu birlikdə Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş filologiya üzrə ixtisaslaşdırılmış müdafiə şurasının iclasını keçirib.
AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə şuranın sədri, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. İsa Həbibbəyli bildirib ki, magistr müdafiəsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixində əhəmiyyətli hadisədir. İnstitutun ilk magistrantları öz dissertasiyalarını müdafiə edirlər. Akademik çıxışında AMEA-da magistratura pilləsində təhsilin açılmasının əhəmiyyətindən bəhs edib.
Daha sonra ixtisaslaşdırılmış müdafiə şurasının katibi Samir Səttarov iddiaçıların tərcümeyi-halları, ümumi müvəffəqiyyət göstəriciləri, magistratura müddətində göstərdikləri elmi nəticələrlə komissiya üzvlərini tanış edib.
Ədəbiyyat İnstitutunun magistrantları Könül Əliyeva “Nizami Gəncəvinin yaradıcılığında elm: Dünyanın bədii dərki və mənəvi kamillik”, Pəri Həsənli “Füzulinin “Söhbətül-Əsmar” poeması: mübahisələr və həqiqətlər”, Dilçilik İnstitutunun magistrantları Türkan Əzizzadə “Akademik N.Y.Marr və H.Acaryan qədim erməni dili haqqında”, Böyükxanım Əsgərova “Tövratdakı adların Azərbaycan dilində transliteriasiyası” və Aysel Quliyeva “Təbrizli Arakelin “Tarix kitabı” əsərində türk mənşəli etnotoponimlər” mövzularında magistr dissertasiyalarını uğurla müdafiə ediblər.