ELM VƏ TƏHSİL
Magistraturaların boş qalan yerlərinə ixtisaslaşma seçimində 1848 nəfər ərizəsini təsdiq edib
Bakı, 15 avqust, AZƏRTAC
2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi başa çatıb.
AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, 1848 nəfər (Azərbaycan bölməsi – 1767, rus bölməsi - 81) ərizəsini təsdiq edib.
Boş qalan yerlərə qəbul fevralın 20-də və mayın 29-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılıb.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub.