ELM VƏ TƏHSİL
Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı təşkil edilib
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 5 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.
Qaydalara uyğun olaraq imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılıb. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayıb. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmayıb.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun həyata keçirilib.
Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.