ELM VƏ TƏHSİL
Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb
Bakı, 23 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına müsabiqənin nəticələrini elan edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticələri bu gün saat 16:09-dan etibarən mərkəzin internet saytında yerləşdirilib. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388-i respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olunanlardan 2257-si dövlət sifarişi, 4131-i isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 4101 nəfəri ali təhsil müəssisələrinin cari, 2287 nəfəri isə əvvəlki illərin məzunudur.
Bundan əlavə, 6 bakalavr idman sahəsi üzrə, 2 bakalavr isə incəsənət sahəsi üzrə beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından çıxarılacaqlar.