ELM VƏ TƏHSİL
Magistraturaya qəbulun nəticələri elan edilmişdir VİDEO
Bakı, 5 iyun (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısını iyunun 5-də saat 15.30-dan etibarən Komissiyanın internet saytında yerləşdirmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı iyunun 6-da “Magistr” jurnalının 5-ci nömrəsində dərc olunacaqdır.
Müsabiqənin nəticələrinə əsasən, ixtisas seçimində iştirak edən 7 min 274 bakalavrdan 5 min 126 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmuşdur. Qəbul olanlardan 3431 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1695 nəfəri isə əvvəlki illərin məzunlarıdır.
Qəbul olanların 2101 nəfərini oğlanlar, 3025 nəfərini isə qızlar təşkil edir.
Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar 2014-cü il iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 2014-cü ilin məzunları digər sənədlərlə birlikdə, ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~9xQT3