ELM VƏ TƏHSİL
Magistraturaya sənəd qəbulu bu gün başa çatır
Bakı, 12 fevral, AZƏRTAC
2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu günün sonunadək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak üçün bakalavr DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək məqsədilə tələb olunan məbləği (50 manat) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 12-si saat 23:59-dək mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiqləyir. Elektron ərizələrini DİM-də təsdiqlətdirməli olan digər bakalavrlar isə tələb olunan sənədləri saat 17:00-dək mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanındakı inzibati binasında yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim etməklə ərizələrini təsdiqlətdirməlidirlər.