ELM VƏ TƏHSİL


Magistraturaya sınaq imtahanları üçün 72 zal nəzarətçisi ayrılıb

Bakı, 29 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 2-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 847 nəfər qeydiyyatdan keçib. İmtahanların idarə olunması üçün 4 imtahan rəhbəri, 72 zal nəzarətçisi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. Məlum olduğu kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmayacaq. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar. Bakalavrlar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi”.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı xüsusi buraxılış rejimi tətbiq olunacaq və üstündə mobil telefon, konspekt, eləcə də digər yardımçı vasitələr aşkar olunan bakalavrlar imtahan binasına buraxılmayacaqlar. İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab kartını nəzarətçiyə təhvil verməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.